NARGIS
NARGIS MAGAZINE
Simalar

GIRLS POWER

img_6258_copy

Bir düşünün: sən demə bütün dünyada hər gün boş yerə axan milyardlarla litr adi yağış suyu əla elektrik enerjisi mənbəyi ola bilər! Məhz bunun üçün Bakıdan iki məktəbli qız - Reyhan Camalova və Zəhra Qasımzadə - iddialı adı olan Rainergy cihazını icad ediblər. Öz nümunələri ilə onlar göstərdilər ki, əgər əsl ixtiraçı arzularla qanadlanırsa və bu arzunun gerçəkləşməsi üçün çalışmağa hazırdırsa nə gənc yaş, nə də dünya elm mərkəzlərindən uzaq yaşamaq ona mane ola bilməz.

img_6274_copy

Beləliklə, tanış olun. Reyhan Camalova 17 noyabr 2002-ci ildə Quba şəhərində anadan olub. Quba şəhər A.Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyində təhsil alıb, hazırda Bakı İSTƏK liseyinin şagirdidir. Bu il onun adı Forbes jurnalının "30 yaşınadək sənaye, istehsal və enerji sahəsində ən perspektivli biznesmen və ixtiraçılar" nominasiyasında reytinqə daxil olub. Gənc ixtiraçı bu siyahıda Azərbaycanın ilk nümayəndəsi oldu.

Onun rəfiqəsi Zəhra Qasımzadə 22 dekabr 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. Əvvəlcə o, Sumqayıtda Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb, indi isə qeyd olunan İSTƏK liseyində təhsilini davam etdirir.

38000095214_00b1a62336_o_copy

Elmə marağınız necə yarandı?

Reyhan Camalova: Valideynlərim təbii elmlərə böyük maraq göstərdikləri üçün mən də məhz bu sahəni seçdim. Biz tez-tez birlikdə elmi-sənədli filmləri seyr edirik, sonra isə onları müzakirə edirik. Keçən ildən bəri görkəmli fizik Nikola Teslanın həyatını və fəaliyyətini araşdırıram. Onun əsərlərini tədqiq edərək, insanlıq üçün nə qədər əhəmiyyətli iş gördüyünü başa düşürəm. Bu alimin qarşısına qoyduğu əsas məqsədlərdən biri, insanlığı limitsiz elektrik enerjisi ilə təmin etmək idi. Lakin təəssüf ki, buna nail ola bilmədi. Mənim arzum bu dahinin tamamlanmayan işini davam etdirməkdir. Bu ideyanı rəhbər tutaraq, mən alternativ enerji mənbələrinin axtarışı istiqamətində işə başladım.

Zəhra Qasımzadə: Ailəmizdə elm və təhsilə böyük əhəmiyyət verilir. Valideynlərim həmişə peşəmi tapmaqda və öz üzərimdə işləməyə məni təşviq ediblər. Düşünürəm, ixtira etmək arzusu məhz bu səbəbdən yaranıb.

Dünyaya səs salan Rainergy ixtirası necə baş verdi?

R.C.: Biz Zəhra ilə paralel siniflərdə oxuyuruq, dostluq edirik və tez-tez elmi mövzularda danışırıq. Ötən il Azərbaycanda ilk dəfə keçirilən ən böyük ekoloji təmiz texnologiyaların inkişafı üzrə biznes-ideya müsabiqəsi olan "Climate Launchpad" beynəlxalq layihəsində iştirak etmək qərarına gəldik. Zəhra ilə mənim ixtiralarla bağlı bir çox ideyalarımız olduğuna görə biz müsabiqə çərçivəsində keçirilən seminarlarda iştirak etdik və bir çox faydalı məlumat əldə etdik. Bizim ideyalarımızın perspektivi olmadığına inandırmağa çalışsalar da, bu bizi məyus etmədi. Nəticədə, müəllimlərimiz Leyla Tağızadə, Cəsur Həsənov və Asif İbrahimovun köməyi ilə kiçik ümidimiz böyük uğur qazandı.

Z.Q.: Bu müsabiqədə iştirak edən komandalar öz ideyalarını məhsula çevirmək, onlara kommersiya xarakteri vermək və qlobal bazara çıxarmaq yollarını axtarırlar. Mənim Reyhanla Climate Launchpad layihəsinin tarixində ən gənc iştirakçısı olmağımız bizi daha da ruhlandırdı. Nəticədə, ideyamız Audience Favorite Startup nominasiyasında birinci yer tutdu.

R.C.: Bu uğurdan ilhamlanaraq Azərbaycanda yeganə "Yeni Fikir" startup  müsabiqəsində iştirak etməyə qərar verdik. Müsabiqənin məqsədi texnologiya sahəsində perspektivli innovativ ideyaları üzə çıxarmaqdır. Təklif olunan 148 layihədən finala məhz bizim ideyamız çıxdı. Yaşımız qədər təcrübələri olan rəqiblərlə yarışmaq qəribə hiss idi.

img_6271_copy

Reyhan, Qlobal Sahibkarlıq Sammitində iştirak etməyə necə qərar verdiniz?

R.C.: Keçən yay mən QSS daxil olmaqla bir çox elmi müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçdim. Yaşım qeydiyyat tələblərinə uyğun deyildi, çünki yaş senzi 18 idi. Ancaq müəllimim Leyla Tağızadə məni dəstəklədi, bu da mənə güc və özünə inam verdi. Yaşla bağlı problemlərə baxmayaraq, mənə şans verməyə qərar verdilər. Sevincimin həddi-hüdudu yox idi! Beləliklə, mən Hindistanın Heydərabad şəhərinə, VIII Global Sahibkarlıq Sammitinə yola düşdüm. ABŞ Prezidentinin baş müşaviri İvanka Trampın və Hindistanın baş naziri Narendra Modinin başçılıq etdiyi beynəlxalq sammitdə 150 ölkədən 1500-dən çox sahibkar və 300-dən çox investor iştirak etmişdi.

Rainergy cihazı böyük ajiotaj yaratdı, sahibkarlar və investorlar tərəfindən bir çox təkliflər aldıq. Sammitin başlanmasına iki saat qalmış elektron mesaj aldıq. Mesajda İvanka Trampın mənimlə maraqlandığı və ixtira ilə bağlı adımı çəkəcəyi bildirilirdi. Xanım Tramp məni təqdim etdiyində olduqca çox həyəcanlanmışdım, eyni zamanda Azərbaycanı təmsil etdiyimə görə çox qürurlu idim...

Bizim ixtira vətəndə də böyük diqqətlə qarşılandı. Cihazın patentləşdirilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə müqavilə imzalamışıq.

Z.Q.: Ötən ilin sonunda biz həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı ilə müqavilə imzaladıq. Texnoparkda bizə Rainergy layihəsinin həyata keçirilməsi və daha da təkmilləşdirilməsi üçün lazımi şərait yaradılmasına söz verildi. Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüş isə bizim əməyimizə verilən ən yüksək qiymət idi!

Cihaz hansı şəraitdə daha effektiv çalışır? Və gündəlik həyatda ondan necə istifadə olunmalıdır?

R.C.: Rainergy aparatı xüsusilə yağışlı ölkələrdə, şəxsi evlərdə istifadə üçün nəzərdə tutulub. Azərbaycanda bu cihazı effektiv olaraq cənub zonasında istifadə etmək olar. Hazırda cihazın modeli üzərində işləməyə davam edirik - enerji istehsalının həcmini artırmağa çalışırıq. Cihaz yağış suyunu su tankına toplayır və yüksək sürət və maye təzyiqinin təsiri altında generator işə salınır, nəticədə isə yağışın potensial enerjisi elektrik enerjisinə çevrilərək akkumulyatora toplanır. Gördüyünüz kimi, cihazın istismar mexanizmi hidroelektrostansiyanın iş prinsipinə bənzəyir. Amma yenə də onlar fərqlənirlər: bizim cihazımız elektrik enerjisini çaylar və göllər hesabına deyil, məhz yağış sularının hesabına əldə edir. Biz artıq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə görüşmüşük. Hesab edirik ki, onların dəstəyi sayəsində cihazı ilin sonunadək test edə biləcəyik. Gələcəkdə isə ölkəmizin iqlim şəraitinə uyğun olaraq - özündə külək və günəş enerjisini birləşdirəcək bir cihaz hazırlamağı planlaşdırırıq.

img_6260_copy

Bəs gələcək üçün şəxsi planlarınız nədən ibarətdir?

R.C.: Təhsilimi ABŞ və ya Kanadadakı aparıcı universitetlərdən birində astrofizika sahəsində davam etdirməyi planlaşdırıram. Arzum - Nobel mükafatı almaq və Azərbaycan adlarını dünya elm tarixinə yazdırmaqdır.

Z.Q.: Mən də dünyanın aparıcı universitetlərindən birinə daxil olmaq və Azərbaycana şöhrət qazandırmaq istəyirəm. Mənim arzum - ölkəmə maksimum fayda gətirmək üçün biznes sahəsində təhsilimi davam etdirmək, vətənimin layiqli vətəndaşı və ailəmin qüruru olmaqdır.

img_6290_copy

 

 

MÜSAHİBƏ GÜNAY ABBASOVA FOTO PƏRVİZ QASIMZADƏ