NARGIS MAGAZINE
Simalar

Coşğun Sem

2008-ci̇ i̇ldə Fipa D’or ki̇no festi̇val müsabi̇qəsi̇ni̇n jüri̇si̇ ən yaxşi sənədli̇ fi̇lmə görə mükafati baş qəhrəmani belçi̇ka rəssami Sem Di̇llemansin olduğu "dəli̇li̇k - detallarla" fi̇lmi̇nə layi̇q görüb. 40 dəqi̇qə davam edən fi̇lm ərzi̇ndə Di̇llemansin gah sənət barəsi̇ndə danişib, eyni̇ zamanda qəzəblə boks hərəkətləri̇ etdi̇yi̇, gah da qəzəblə rəsm təsvi̇r edərək, dayanmadan si̇qaret çəkdi̇yi̇ ki̇no lent hi̇pnoz edi̇rdi̇. Münsi̇fləri̇n seçi̇mi̇ bi̇zi̇m redaksi̇ya heyəti̇ni̇n ondan müsahi̇bə almaq i̇stəyi̇ ki̇mi̇ aydindir. Vaxt barəsi̇ndə razilaşmaq gözləni̇lmədən çəti̇n oldu: Di̇llemans əksər hallarda gecələr çalişir, günortaya qədər yatir - asket həyati sürür.

Həftə sonu ailənizi ziyarət etməyə getmişdiniz. Evinizin kandarına ayaq basarkən nə hisslər keçirirsiniz?

Anam artıq 83 yaşındadır və o özünü o qədər də yaxşı hiss etmir. Amma hər şey nəzarət altındadır. Mənim həmişə valideynlərimlə normal münasibətim olub. Hər kəsdə olduğu kimi uşaqlıq dövründə ünsiyyətimizdə enişlər və çıxışlar olub. Mən heç vaxt asan uşaq olmamışam: çox vaxt rəsm çəkmək istəmişəm, bunu isə bəzən ətrafdakılar anlamırdı. Uşaqlıq dövrümün əksər zamanını nənəmlə keçirmişəm. O, çox gözəl insan idi, köhnəpərəst, ənənəyə sadiq biri idi: günorta və şam yeməyi cədvələ uyğun olardı... Onun üçün nizam-intizam çox vacib idi. Yəqin ki, uşaqlığımda yanımda belə bir köhnə ustanın olduğu üçün indi mən rəssamlığın köhnə ustadları ilə maraqlanıram. O, iki müharibə görüb və tez-tez bu haqda mənə danışardı. O, çox təmkinli, sakit biri idi... Və mənə öz ritmimlə yaşamağa – gündüzlər yatıb gecələr isə işləməyə icazə verirdi.

İlk dəfə rəsm çəkməyə nə vaxt başlamısınız?

Anam mənə Van Qoqun əsərlərini göstərəndə 10-11 yaşındaydım və mən elə o zamandan dəli kimi rəsm çəkməyə başladım. 12 yaşımda hər gün səkkiz saat rəsm çəkirdim. Kollecdə təhsil almaq mənim üçün çətin idi: mən gecələr işləməyə və gündüzlər yatmağa alışmışdım.

Necə oldu ki, yeddi il ərzində bir neçə sənət kolleci dəyişdiniz?

Təhsil aldığım dövrdə mənim bir rəsm müəllimim olub, geri qalan vaxtları mən model axtarırdım.

Hər iki-üç ildən bir kollec dəyişirdim. Mənim üçün çılpaq natura çəkmək vacib idi, ancaq modellərə pul verməyə imkanım yox idi, bunun üçün də oxumağa davam edirdim - çünki tələbələr üçün modellər pulsuz idi.

Bəs niyə təhsil bitdikdən sonra Siz 5 il rəsm çəkdiniz, lakin işlərinizi heç kimə göstərmirdiniz?

Çünki mənim üçün bu illər də təhsil idi. Mən çox rəsm çəkirdim, texnikanı inkişaf etdirirdim, köhnə ustaları kopyalayırdım... Mənim üçün təhsil almaq hələ də davam edirdi. Başa çatmamış işi niyə göstərməliyəm ki? Mən ümumiyyətlə hər il rəsmlərin sərgilələnməsini doğru hesab etmirəm. Həmişə əsərlərimdə düzəlişlər edirəm, tamamlama işləri aparıram, mükəmməlləşdirirəm...

Rəsm çəkəndə nə hisslər keçirirsiniz?

Xoşbəxtlik. Mən artıq bu günlə yaşamıram: zamanı tərk edirəm, ondan qaçıram. Mən artıq özümə aid olmuram. Və sonra olduqca transsendental an başlayır...

Siz 17 yanvarda, əfsanəvi boksçu Məhəmməd Əli ilə eyni gündə doğulmusunuz. Sizin üçün boks nədir?

Çalışdığım zaman çoxlu enerji toplayıram və boks onu çıxarmağa kömək edir. Bir çoxları bu idman növünün aqressiv olduğunu hesab edir, amma mənim üçün bu idman özünə nəzarəti, ritmi və digər amilləri inkişaf etdirməyə kömək edir... Mən peşəkar boksçu deyiləm, amma bu idman növü ilə çox məşğul oluram. Bu idman həm də mənə rəsm çəkməyə başlamazdan əvvəl çox kömək edir. Məni rahatlaşdırır. Digər tərəfdən isə boks mənə rəsm çəkmək üçün mövzu verir: mənə konfrontasiya vəziyyəti, iki çılpaq bədənin qarşıdurması çox maraqlıdır... Mən, məsələn, üzgüçüləri təsvir edə bilərdim, amma bunda heç bir qarşıdurma yoxdur. Rubensin əsərlərinə bədənlərin qarşıdurma mövzusu xas idi. Bu mənim üçün də həm bir rəssam, həm də bir boksçu kimi maraqlıdır. Mən əzələlərin necə işlədiyini bilirəm və buna görə boksla məşğul olan insanları təsvir etmək mənim üçün daha asandır.

Rəsm çəkərkən hansı musiqini dinləyirsiniz?

Bu Skarlattidən ABBA qrupuna qədər hər hansı bir musiqi ola bilər... Mən Baxın, Vivaldinin klassik musiqilərini dinləyirəm, amma həmçinin Bitls və ya ABBA qruplarını da dinləyə bilərəm. Yeganə qayda odur ki, musiqi mənim işimdən üstün, rəsmimdən daha vacib olmamalıdır. Musiqi mənim üçün bir fon olaraq səslənir. Amma o mənə öz atmosferimi yaratmaq üçün həqiqətən lazımdır. Üç ay eyni mahnının sədaları altında çalışa bilərəm.

Bəs sizin üçün kitab nə ifadə edir?

Onlar mənim işlərim üçün musiqidən də vacibdirlər. Mən 12-13 yaşından kitab oxumağa başlamışam: Dostoyevski, Çexov, Turgenev, Puşkin, Qorki, Kamyu, Flober... Onları sevirəm. Ədəbiyyat mənə rəssamlıqda çox kömək edir, mənə emosional intellekti cəmləşdirməyə imkan yaradır. Amma yalnız intellektual ədəbiyyatı deyil, çoxlu triller, yumoristik əsərlər də oxuyuram. Yumor, gülməyi bacarmaqdır - əslində həyatda ən vacib şeydir... Hər zaman ciddi olmaq mümkün deyil! Çoxlu dostlarım var; görüşdüyümüzdə saatlarla gülürük. Skype və telefonla danışmağı sevmirəm: insanla canlı ünsiyyət qurmaq, ona toxunmaq, onu hiss etmək mənim üçün vacibdir...

İşləmək maneranızı necə təsvir edərdiniz?

Sənət sirri əslində elə ondan ibarətdir ki, onu nə təsvir, nə də izah etmək asan deyil... Ancaq onu deyim ki, hər bir rəssamın işlərinin əsasında yaxşı təsvir yatır. Əgər rəsm çəkə bilmirsinizsə, o zaman artıq uğursuzluğa məhkumsunuz. Təsvir rəssama özünü ifadə etmək azadlığı verir. Buna görə hesab edirəm ki, rəssamlıqda ən vacib şey təsvirdir. Bu mənim bütün işlərimin əsasıdır. Mən əzələnin işləməsini çox araşdırmışam, insan bədəninin hərəkətini müşahidə etmişəm. İndi mən rəsmə əvvəlkindən daha diqqətli yanaşıram. Mən özümü ifadə etməkdə daha azadam, çünki artıq rəsm texnikasını mənimsəmişəm. Bu, əgər zirvəni fəth etmək istəyirsinizsə, onsuz keçinə bilmədiyiniz bir növ turist avadanlığıdır. Sənətdə irəliləmək istəyirsinizsə ilk növbədə onun əsaslarını öyrənməlisiniz. Məsələn, Pikasso doqquz yaşında Rafaeldən daha yaxşı rəsm çəkirdi, buna görə də eksperiment aparmağa, yeni formalar axtarmağa başlamışdı... Dahi Stravinski deyib: yeni sənətlə məşğul olmaq üçün əvvəlcə ənənələri öyrənməlisiniz. Yalnız onları öyrəndikdən sonra super-peşəkar rəssam ola bilərsiniz. Bir çox müasir rəssamlar öz texnikalarını tətbiq etmək üçün çox tənbəl olurlar və buna görə təxribatlara üstünlük verirlər. Onların konsepsiyası yaxşı ola bilər, amma texnikaları zəifdir. Sadəcə ideya kifayət etmir. Beynimdə ideya çoxdur, amma onları həm də yaxşı təsvir etmək lazımdır! Əslində nəyi təsvir etdiyiniz o qədər də vacib deyil. Məsələn, Renessans və ya Barokko dövründə bütün rəssamlar dini mövzulu rəsmlər çəkirdilər, əsərin predmeti vacib deyildi - əsas necə təsvir etdikləri vacib idi. Bir baxın El Qreko İsa peyğəmbəri necə təsvir edib: bu onu təsvir edən başqa rəssamların işlərinə heç bənzəmir!

Hansı rəssamlar sizin üçün daha əhəmiyyətli idi?

Hamısını sadalamaq çox vaxt aparacaq: Mone, Van Qoq, Pikasso, Matiss, Renessans dövrünün rəssamları... Gəncliyimdə onların çoxunun işlərini kopyalayırdım. Və mənim onların əsərlərinə qarşı şəxsi hissiyatım yarandı. Mən elə bil onlarda yaşaya bilərəm, özümü onların işlərinin daxilində hiss edə bilərəm... Pikasso mənim üçün ən əhəmiyyətli rəssamlardan biri oldu. Və həmişə belə olub - yeni, gənc nəslin rəssamları üçün ilham mənbəyi kimi köhnə rəssamların əsərləri xidmət edib. Onları hərtərəfli öyrənmək üçün gənc rəssamlar hər şeyi buraxıb və onların işlərini kopyalamalıdırlar.

Müsahibə aldığım hər bir Belçikalı rəssama bu sualı verirəm: necə düşünürsünüz, niyə məhz sizin ölkənizdə müasir sənətin səviyyəsi belə yüksəkdir?

Ölkəmizdə səviyyənin başqa yerlərdən daha yüksək olduğunu düşünmürəm... Yəqin ki, Belçikada sənət marketinqi digər ölkələrdən daha yaxşıdır. Və bu pis xəbərdir.. Ona görə pisdir ki, sənət marketinqinin sənətdən daha yaxşı olduğu ortaya çıxdı. Tələb olunan olmaq üçün rəssamlar "qaydalara görə" rəsm çəkməyə çalışırlar, professional rəssam olmaq yerinə, professional menecer olurlar. Onlar rəssam üçün əsas amilin sənət olduğunu unudaraq özlərini yaxşı satmaq dərdinə düşürlər. İndi sənətdə baş verənlər pop-art sənətinin gəlişindən sonra ölümə bənzəyir. Rəssamları rəsm əsərlərindən daha çox provokasiya maraqlandırır. Bütün bunlar iyrəncdir. Ətrafda zövqsüzlüyün diktaturasını görürəm. İncəsənət hər kəsin edə biləcəyi bir şey deyil. Hər kəs su içə bilir, ancaq bu sənət deyil.

Bir portreti bitirdikdə, təsvir etdiyiniz insanı üzərindəə başladığınızdan daha yaxşı anlayırsınız?

Portretini çəkməyə başlamazdan əvvəl o insan haqqında heç bir şey bilməməyə çalışıram. Onun üzünü, formasını anlamalıyam. Amma mən doktor Freydə dönüşmürəm. Yaxşı bir portret çəkmək üçün modellə məsafə saxlamalıyam. Paradoksal səslənə bilər, ancaq bu belədir - rəsmini çəkdiyim şəxslə məsafə saxlayaraq onu yaxşı təsvir edə bilərəm.

Günləriniz necə keçir?

Həmişə eyni. Kiməsə darıxdırıcı görünə bilər, amma mənə deyil. Mən rəsm çəkməyə günorta saat 4-də başlayıram və gecə 3-də bitirirəm. Bundan əvvəl məşq edirəm. Həftə sonunu isə rəfiqəmlə keçirirəm. Yaxşı işin sirri şəxsi intizam və həyatın müəyyən edilmiş ritmindədir. Mənə başqa bir istirahət lazım deyil, mən rəsm çəkərkən xoşbəxt oluram. Mən hətta doğum günümdə də rəsm çəkirəm. Uğursuz günlərim olduqda, özümlə küskün olduğumda və ya bir az qəzəbləndiyimdə, ya da məyus olduğumda - yenə də rəsm çəkirəm.

Müsahi̇bə : i̇ri̇na Belan, Foto : Wim Van Eesbeek

Material otuz doqquzuncu buraxılışda dərc olunmuşdur.