NARGIS
NARGIS MAGAZINE
Simalar

ƏN SÜRƏTLİ PİANİST. PETER BENSE

Peter Bense klavişlərə bir dəqiqədə 765 dəfə basaraq ən sürətli pianist olaraq Ginness Rekordlar Kitabına düşüb!

Pianoda ifa etmək ciddi və çətin bir işdir. Gənc musiqiçi yalnız fenomenal sürətli ifası sayəsində belə məşhur ola bilməzdi. Bəs onun şəxsiyyətini bu qədər cazibədar edən nədir?

Klassik şedevrlərin ifası? Populyar kompozisiyaların seçimi? İstedad?

Bizimlə görüşdən əvvəl Peter mətbuat konfransında müxbirlərin suallarına cavab verirdi. Onun danışıq manerasını yaxşı musiqi ilə müqayisə etmək olar: o fərqlidir, bezdirici deyil, amma buna rəğmən məna doludur. Peter əslən Macarıstandandır, buna görə də Ferens Listin yaradıcılığı ilə bağlı sual qaçınılmazdır. Lakin hətta bu cür gözlənilən suala belə o orijinal şəkildə cavab verir.

Sadəcə bir gün Bakıda. Sadəcə bir konsert. Və milyonlarla duyğu seli.

 

Pianoçu yoxsa bəstəkar?

Heç vaxt məni yaxşı pianoçu edən nədir deyə düşünməmişəm. Mən musiqi alətinin fərqli səslənməsi üçün ifa edirəm. Bu səslənmənin dinləyicilərə toxunmasını istəyirəm. Əla, təbii olmasını istəyirəm. Zaldakıların mənim eşitdiyimi eşitməsini istəyirəm. Buna görə də ifamda belə bir yanaşma seçmişəm  sürətli temp. Dinləyiciyə bu qədər not kombinasiyalarının düzgün səslənməsini çatdırmaq qeyri-adidir və olduqca çətindir. Mənə aid bir şey ifa etdiyimdə özümü bəstəkar kimi hiss edirəm. Sıfırdan yaradıram. Mənim üçün bu öz düşüncələrimi ifadə etmək imkanıdır. İnterpretasiyaya gəldikdə isə mən əsasən müasir pop ifaçıların musiqisini ifa edirəm. Maraqlı və qeyri-adi hesab etdiyim musiqini.

Texniki tərəf

Pianoda zədə almadan bu tempdə ifa etmək üçün yüksək texnikaya sahib olmalısan. Texnikadan savayı ifanın hissiyatı və musiqini anlamaq dəyərləndirilir. Mən uşaqlıqdan bəri bu tempdə ifa edirəm, buna görə də bu mənə çətinlik yaratmır. Mən hər hansı bir ifanı anlaşılmayan dərəcədə sürətli çalmazdım – bu mənasız olardı, insan melodiyanı hiss etməlidir və duymalıdır.

Klassiklərə sui-qəsd haqqında  

Mən klassik əsərləri belə bir sürətli tempdə ifa etmirəm. Amma! Musiqi dünyasında günah yoxdur. Ən azından ona görə ki, bu dahi bəstəkarlar artıq yoxdurlar (gülür). Hətta sağ olsaydılar belə! İfaçının edə biləcəyi ən darıxdırıcı şey, bəstəkarın istədiyi kimi ifa etməkdir. Kompozisiyanı eyni tərzdə ifa etməyin nə mənası var? Siz bu kompozisiyanı orijinal versiyada dinləyə bilərsiniz, sonra isə başqa versiyada və hansını daha çox bəyəndiyinizə qərar verə bilərsiniz. Mənim üçün bu şəxsi  baxışımı, öz nöqteyi-nəzərimi göstərmək imkanıdır.

Ən yaxşı istirahət haqqında

Mənim əllərim sığortalanmayıb. Əlbəttə onlar musiqi ilə uzun müddətli məşğuliyyətdən sonra dincəlməlidirlər. Onları necə qoruyuram? Bərpa olmaları üçün onları arabir odda yandırıram (gülür). Əllərim üçün ən yaxşı istirahət yuxudur, ya da ən azından hərəkətsizlikdir. Bundan başqa biləklər üçün müxtəlif hərəkətlər kompleksi və masaj lazımdır, çünki bütün əzələlər bir-biri ilə bağlıdır və onları rahatlaşdırmaq lazımdır.

Qismət haqqında

Mən həmişə pianonu bir çox səbəblərə görə alətlərin şahı hesab etmişəm. Məsələn, əgər sən fleytada ifa edirsənsə, o zaman müşaiyət və musiqinin dolğunluğu üçün başqa bir alətdə də ifa gərəkir. Lap əvvəllərdən maraq oyadan piano çox yetərli alətdir. Hərçənd hesab edilir ki, bu çox klassik alətdir və bu alətdə təmkinlə ifa etmək lazımdır, mən isə qeyri-adi bir şey etmək istədim. Mənim missiyam – klişeni qırmaq və pianoya mümkün qədər əla səslənmə imkanı verməkdir. Bəlkə də, mənim ifamı eşidən hər hansısa bir uşaq musiqi ilə maraqlanacaq, ilhamlanıb çalmağı öyrənmək istəyəcək. Bu baş verərsə mən çox xoşbəxt olaram. Musiqi həyatın həqiqi, təbii hissəsidir. Beyin, əhval və ruh üçün çox faydalıdır.

Müsahibə: İnara Əlibəyova

Foto: Pərviz Qasımzadə